Düyü - böyük siyasətdir | TƏHLİL

// Pakistandan idxal rüsumunun ləğvi bir neçə sual yaradır

   Düyü - böyük siyasətdir    | TƏHLİL
  20 Dekabr 2022    Oxunub:2519
Nazirlər Kabinetinin ölkəmizə Pakistandan idxal olunan düyüyə tətbiq edilən idxal gömrük rüsumunu 2027-ci ilin 31 dekabr tarixinə qədər ləğv edib. Dövlət başçımız İlham Əliyev bununla bağlı qeyd edib ki, qardaş ölkədə yüksək keyfiyyətli düyü varsa, biz niyə bunu başqa yerdən almalıyıq?!
Addım iki ölkə arasında qarşılıqlı ticarət həcmini artırmaq üçün atılıb. Sözsüz, buna böyük ehtiyac var idi. İçtimaiyyəti maraqlandıran isə qərarın icrası nəticəsində istehlak bazarımızda adı çəkilən məhsulun satış qiymətinin enib-enməyəcəyidir. Bahalaşma ən çox ərzaq məhsullarında özünü göstərir, düyü də bura daxildir və ən çox idxal etdiyimiz məhsulların sırasındadır.

Pakistandan düyü idxalının gömrük rüsumundan azad edilməsi daxildə qiymət artımının qarşısını alacaq. Dünyada olduğu kimi, ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam edir. Proses getdikcə bir az da sürətlənir. Qida məhsulları sözügedən prosesdə ön yer tutur. Odur ki, mənfi fəsadları aradan qaldırmaq üçün ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergiləri azaltmaq, həmçinin yerli məhsulların bazarlara çıxışını maksimum asanlaşdırmaq vacibdir. Məsələn, ölkəmizə düyü idxalının bir hissəsi Pakistanın üzərinə düşdüyündən, gömrük rüsumunun ləğvi onu ucuzlaşdırmasa da, hər halda, bahalaşması qarşısını alacaq.

Ümumiyyətlə, antiinflyasiya tədbirləri özünü həm də bəzi ərzaq məhsullarının idxalı üzrə müvafiq güzəştlərə getməkdə və yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaradılmasında göstərməlidir. Biz ərzaq məhsulları sırasında təkcə düyü deyil, digər məhsullar sarıdan da idxaldan asılı vəziyyətdəyik. Özü də həm birbaşa, həm də dolayı... Bunların başında isə ərzaq buğdası dayanır. Sual yaranır: bunların hər biri üzrə idxal gömrük rüsumlarını ləğv etmək lazımdırmı?!

Xeyr... Məsələ bundadır ki, hər hansı idxal olunan məhsul növü üzrə gömrük yumşaldılması və yaxud “sıfır rüsum” tətbiqi həmin növ məhsulun həm də yerli istehsalı üçün "ölüm hökmü”dür. Nəticədə həmin məhsulun kənardan alınıb gətirilməsi üçün ölkədən xaricə daha çox pul çıxmağa başlayır, büdcəyə vəsaitin daxil olması kəsilir. Üstəlik, daxildə tələb artdıqca, bu vəziyyət inkişaf edərək, dərin kök salır. Çünki idxal daha gəlirli fəaliyyətə çevrilir.

Odur ki, biz həm də ölkəmizin niyə düyü sarıdan kənardan bu qədər asılı vəziyyətdə olmasını araşdırmalıyıq. Tələbatımızı yerli istehsal hesabına real olaraq yalnız 15,4% ödəyə bilirik. Bunu 30-35%-ə çatdırmaq üçün hər cür imkan var. Üstəlik, Azərbaycanda çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı da mövcuddur. Sənəddə ölkə əhalisinin düyüyə olan tələbatını daha dolğun ödəmək, idxalı əvəzləmək, çəltik üzrə emal sənayesini inkişaf etdirmək və kənd əhalisinin bu sahədə məşğulluq səviyyəsini yüksəltmək üçün ölkədə çəltikçiliyi stimullaşdırmaq başlca məqsəd sayılır.

Proqramın icra müddətinin başa çatmasına 3 ildən bir qədər az müddət qalmış sözügedən məhsulu idxal üzrə gömrük rüsumundan ləğv edirik. Doğrudur, indi buna ehtiyac var və gömrük rüsumu yalnız Pakistan düyüsünə aiddir. Anoloji məsələlərdə bu mətləblərə diqqət yetirmək vacibdir. Bəli, burada başqa nüanslar da var. Düyü idxalı sahəsində Pakistan əsas tərəfdaşımız olsa da, heç də birinci deyil. Hindistandan xeyli geri qalır. Hind düyüsü isə bahadır. Pakistan üçün rüsumların ləğvi həm də bu baxımdan əhəmiyyət daşıyır.


Müəllifin digər yazıları:
Gələn il inflyasiya maaş və pensiya artımlarını “yeyəcəkmi” – TƏHLİL
İdxal az olarsa, basılmaz Vətən – TƏHLİL
Elmin inkişafı büdcədən asılıdırmı? – TƏHLİL

Ancaq əsas məqsəd Azərbaycanımızın ərzaq sarıdan idxaldan asılılığını azaltmaq olmalıdır. Ərzaq buğdası sahəsində neçə illərdir hökumət idxaldan asılılığı azaltmağa çalışsa da, sanki sehrli bir çubuq buna mane olur. Taxılçılığa həqiqətən də çox diqqət yetirilib və yetirilir. Ərzaqlıq buğda ilə özünütəminetmə məsələsi prioritet sayılır. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilir və yeni-yeni addımlar atmaq üçün yollar axtarılır. Lakin təəssüf ki, hələ də kənardan asılı vəziyyətdəyik və bu fakt daxili bazarımızı risk altında saxlayır.

Çəltikçilik sahəsində, Azərbaycan qədim ənənəyə sahibdir. Bizdə keyfiyyəti ilə tanınan “Ağ ənbərbu”, “Vilgəri”, “Yetim”, “Lənkəran sədrisi”, “Ağ qılçıqlı” və digər yerli sortlar becərilib. Çəltik sahəsinin 1913-cü ildə 47 min hektar, 1927-ci ildə 54 min hektar, 1937-ci ildə 25,3 min hektar,1964-cü ildə 12,3 min hektar təşkil etdiyi vaxtlar olub. Ancaq tərəvəzçiliyin inkişafı ilə əlaqədar sonradan 1,8 min hektara qədər azalıb. Yalnız 1995-ci ildən başlayaraq çəltik əkinləri genişlənib, 1996-cı ildə 2,4 min hektar sahədə çəltik əkilib, orta məhsuldarlıq 38,7 sentner (s/ha) qeydə alınıb. Ölkəmizdə çəltikçiklik əsasən Lənkəran və Aran iqtisadi rayonlarında yayılıb.

Rusiya kimi soyuq bir ölkədə hər hektardan 10 tondan çox düyü istehsal olunur. Təəssüf ki, ölkəmizdə bu sahəyə yetərincə diqqət yetirilmir və idxala daha çox meyl göstərilir. Ümumiyyətlə, taxılda olduğu kimi, düyüdə də tələbatın yerli istehsal hesabına yox, idxal hesabına ödənilməsinə maraq göstərənləri daha güclü mövqeyə sahib olduqları görünür.


Pərviz Heydərov
Azvision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.11:
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.


Teqlər: Düyü   Pakistan   Çəltikçilik  





Xəbər lenti